Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq
03.09.2024 [12:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də ittifaq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.