İQTİSADİYYAT


AQTA-dan yem və yem məhsulları ilə bağlı açıqlama

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən xarici qida obyektlərindən yem və yem əlavələrinin idxal prosesi davam etdirilir. Bu barədə jurnalistlərə açıqlamasında AQTA-nın şöbə müdiri Əkbər Əliyev məlumat verib. Yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanun qüvvəyə mindikdən sonra bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla yeniliklər tətbiq olunub, sadələşdirmə işləri aparılaraq yem məhsullarına münasibətdə qeydiyyat tələbi ləğv edilib. Qanunda yem əlavələri ilə bağlı tətbiq edilmiş yeniliklərdən biri onların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi obyektlərin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq qaydada təsdiq edilməsidir.