İDMAN


Şəhid jurnalistlərin xatirəsinə həsr edilən 3-cü ənənəvi minifutbol turnirinin açılış mərasimi keçirilib

18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizin şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş 3-cü ənənəvi minifutbol turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin təşkilatçısı Əsgər İbrahimov bildirib ki, Ardanış Futbol Akademiyasının və “Rakus.az” saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaqdır. O qeyd edib ki, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olmuş media nümayəndələrimiz – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın qəhrəmanlıqları yeni nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə töhfə verir. O, turnirdə Azərbaycan mediasını 4 komandanın təmsil etdiyini vurğulayıb.