CƏMİYYƏT
Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb
İşğaldan azad edilmiş ərazilərə Böyük Qaytıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi” layihəsinin icrasına başlanılıb. Bununla əlaqədar olaraq, ADA Universitetində dövlət qurumlarının və təşkilatların, Milli Məclisin deputatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, yerli və xarici ekspertlərin iştirakı ilə “dəyirmi masa” müzakirəsi keçirilib.
Layihə rəhbəri – ADA universitetinin prorektoru Fariz İsmayılzadə layihənin istiqamətləri haqqında məlumat verib. Bildirilib ki, bura Azərbaycanda məcburi köçkünlərlə bağlı məlumatların toplanması və təhlili üçün keyfiyyət və kəmiyyət metodologiyaları əsasında ümumi və eləcə də məqsədli sorğuların keçirilməsi, inteqrasiya və hədəf qruplarında müzakirələrin aparılması, məcburi köçkünlərin qayıdışını formalaşdıran şərtləri və stimulları öyrənən yeni məlumat alətlərinin işlənib hazırlanması və mövcud potensialın gücləndirilməsi, Böyük Qayıdış üçün məcburi köçkünlər barədə məlumat mənbələrinin təkmilləşdirilməsi (əməliyyat, inzibati, statistik) və bununla bağlı qabaqcıl təcrübənin öyrənilməsi, təlimlərin keçirilməsi daxildir.