İQTİSADİYYAT


Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda 5 körpü inşa ediləcək

Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.
Yolda aparılan tikinti işləri barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Məmməd Məmmədov bildirib ki, Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrliyindən ayrılan Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun ümumi uzunluğu 33,6 kilometr təşkil edir. Qarabağın inkişaf planı nəzərə alınaraq avtomobil yolu 1-ci və 2-ci texniki dərəcəyə uyğun layihələndirilib. Avtomobil yolunun 12 kilometr hissəsi ikinci dərəcəyə uyğun yenidən qurulur. Bu hissədə torpaq yatağının eni 15 metr, zolaqların sayı 2 ədədə, hərəkət hissəsinin eni isə 7,5 metr olacaq.