CƏMİYYƏT


Allahşükür Paşazadə Vətən müharibəsində göstərdiyi dəstəyə görə Rusiya Müftilər Şurasının sədrinə təşəkkür edib

Cəmiyyətlərin mənəvi-əxlaqi sabitliyinin təmin edilməsində mühüm məqamlardan biri də dövlət-din münasibətlərinin məharətlə tənzimlənməsi, dövlətin diqqətli münasibəti və dindarların ehtiyaclarına qayğısıdır. Həm Rusiya Federasiyasında, həm də Azərbaycanda hamımız məhz bu yanaşmanın şahidiyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam ənənələrini dərin hörmətlə dəstəkləyir, multikulturalizm ideyalarını fəal müdafiə edir, islamofobiya təzahürlərinə qarşı çıxır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvada “Sülh yolu: dialoq ahəngdar birgəyaşayışın əsası kimi” mövzusunda keçirilən XX Beynəlxalq Müsəlman Forumunda çıxışında deyib. Şeyxülislam qeyd edib ki, MDB məkanında müsəlmanları tarixi qarşılıqlı hörmət ənənəsi, mehriban qonşuluq, müqəddəs dinimizə əsaslanan vahid mənəvi məkan birləşdirir.