Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Məngələnata çox mühüm strateji yüksəklik idi...” – Füzuli şəhərini işğaldan azad edən hərbçilər danışır

17.10.2024 [11:45]

Xəbərin mətni

Düz 4 il əvvəl oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad olundu. Otuz ilə yaxın müddətdə düşmən işğalında qalan Füzuli rayonunu azad edilmiş rayonların rəmzi olaraq “Giriş qapısı” adlandırmaq da mümkündür. Çünki Qarabağın işğaldan azad olunması üçün əvvəlcə Füzuli azad edilməliydi. Rayon strateji cəhətdən mühüm əhəmiyyətə malik olduğu üçün düşmən ordusu həmin ərazilərdə güclü müqavimət göstərirdi. Məhz bu səbəbdən də yuxarı komandanlıq ilk əks-hücum əməliyyatına Füzuli ərazisindən başlamaq barədə əmr verdi. Əsgər və zabitlərin böyük qəhrəmanlığı, fədakarlığı, bölmələrimizin döyüş ruhu və qələbə əzmi düşmənin müqavimətini qırdı. Şəxsi heyətin şücaəti və peşəkarlığı qarşısında aciz qalan düşmən silah-sursatını da ataraq müqavimət göstərdiyi mövqeləri, səngərləri qoyub qaçdı, yaşayış məntəqələrimizdən çıxarıldı. Beləliklə, 2020-ci il sentyabrın 27-də başlanan əks-hücumdan sonra ilk müdafiə xətti yarıldı və döyüş tapşırığı uğurla yerinə yetirilərək düşmənin ön xətti darmadağın edildi. Erməni hərbi birləşmələri “keçilməz “Ohanyan səddi”ndən geri oturdularaq ərazidə ən hündür yerə - Məngələnata dağına sığındı. Həmin yüksəkliyin düşməndən təmizlənərək nəzarətə götürülməsi Ordumuzun uğur qazanmasında mühüm rol oynadı.

BÖLMƏNİN DİGƏR VİDEOLARI