Azərbaycan Dövlət İnformasiya Agentliyi

MN: Silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir

18.10.2024 [13:02]

Xəbərin mətni

Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur. Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır.