Azərbaycan Dövlət İnformasiya Agentliyi

Energetika naziri Çində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafında yaşıl enerji dəhlizlərinin rolundan danışıb

23.10.2024 [11:21]

Xəbərin mətni

Çinin Şandon əyalətinin Çindao şəhərində “Bir kəmər, bir yol” enerji nazirlərinin 3-cü konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Çinin Milli Enerji Administrasiyasının təşkilatçılığı ilə “Enerjinin birgə gələcəyi üçün yeniliyin gətirilməsi” mövzusunda təşkil olunur.
Dünyanın təxminən 30 ölkəsindən müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin, enerji, o cümlədən yaşıl enerji şirkətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edir.
Açılış mərasimində çıxış edən Çin Milli Enerji Administrasiyasının rəhbəri Can Cienhua, Şandon əyalətinin qubernatoru Cou Naysian və başqaları enerji təhlükəsizliyi üzrə əməkdaşlıq, enerji bazarlarının inkişafı, yaşıl enerji sahəsində tətbiq olunan son texnoloji yeniliklər və yaşıl enerjinin təşviqi üçün maliyyə imkanlarının araşdırılması sahəsində birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.