SİYASƏT
“Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdi”- Qubadlı əməliyyatının iştirakçıları danışır
Vətən müharibəsində ən qanlı döyüşlərin getdiyi ərazilərimizdən biri də Qubadlı rayonudur. Buna səbəb rayonun əsasən dağlıq ərazidə yerləşməsidir. Qubadlıda hündürlüyü min metrdən 2 min metrədək olan bir neçə dağ zirvəsi var. Bu yüksəkliklər uzun illər Qubadlı rayonunu işğalda saxlayan düşmən qüvvələrinə böyük strateji üstünlük verirdi. Bütün bunları nəzərə alan peşəkar hərbçilərimiz yuxarı komandanlığın incəliklə hazırladığı əməliyyat planının icrasına başladı. Plana əsasən ilk növbədə rayon ərazisindəki dağ zirvələrinin, strateji yüksəkliklərin düşməndən təmizlənməsi tapşırığı verilmişdi.
Oktyabrın 23-də Qubadlı rayonunun dörd kəndi artıq işğaldan azad olunmuşdu. Sonrakı günlərdə də yüksək döyüş ruhu, qələbə əzmi nümayiş etdirən bölmələrimiz igidliklə vuruşmağa davam edirdi. Nəticədə, Vətən müharibəsinin iyirmi doqquzuncu günündə, oktyabrın 25-də Azərbaycan Ordusu rayonun daha bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdi.