RƏSMİ
Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, San-Tome və Prinsipi Demokratik Respublikasının Baş nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərdə ilk səfər olduğunu deyən dövlətimizin başçısı onun əhəmiyyətinə toxundu.
Xoş sözlərə görə minnətdarlığını bildirən Patris Emeri Trovoada Bakının gözəlliyinin onlarda xoş təəssürat yaratdığını dedi.
O, Zəfər bayramı münasibətilə təbriklərini çatdırdı, sülhün və sabitliyin təmin olunmasının önəmini qeyd etdi.
Patris Emeri Trovoada ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğuladı.
Qonaq COP29-un uğurlu keçməsini arzulayaraq qeyd etdi ki, bu tədbir dünyanın üzləşdiyi iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə töhfə verəcək.