MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayında “Oyanış” adlı konsert proqramı təqdim edilib

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu qlobal əhəmiyyətli tədbir çərçivəsində qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə maraqlı bədii proqramlar - konsertlər, sərgilər və təqdimatlar keçirilir. Noyabrın 13-də Heydər Əliyev Sarayında təqdim olunan “Oyanış" adlı konsert proqramı da bu qəbildən idi.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi konserti COP29-la bağlı Bakıya gəlmiş onlarla ölkənin dövlət və hökumət başçıları, digər rəsmilər, iqlim üzrə mütəxəssislər izləyiblər.

Qeyd edək ki, “Oyanış” - insanın təbiətlə vəhdətini bərpa edən və bəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlə nəzər salmağa təşviq edən müqəddəs bir ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də bu tamaşa suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə birləşdirən bir oyanış kimi nəzərdə tutulmuşdu. Keşməkeşli tərəqqi yollarında itən bəşəriyyət uzaq keçmişdən bu günə səyahət edən kahinlərin müdrikliyindən nəsihət alaraq hər bir elementin tərkibində təbiətə aid sənət əsərinin olduğuna şahidlik edir. Bütün bunlarla bağlı olan kosmik əlaqələrin dinamikasında təşəkkül tapan müqəddəs kişi və qadın dialektikası Xeyir naminə bəşəriyyətin toxumasını kollektiv səy şəklində bir daha toxuyacaq.