İQTİSADİYYAT
COP29 çərçivəsində “SOCAR-da dekarbonizasiya üzrə tərəqqi: çətinliklər və nailiyyətlər” mövzusunda tədbir keçirilib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “SOCAR-da dekarbonizasiya üzrə tərəqqi: çətinliklər və nailiyyətlər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, Boston Consulting Group (BCG) Xəzər regionu və MBD üzrə icraçı direktoru Anton Kosach, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının region direktoru Hayaşi Nobimitsu və başqaları iştirak ediblər.
İqtisadiyyat naziri M.Cabbarov çıxış edərək nəzərə çatdırıb ki, Azərbaycan dövləti karbonsuzlaşdırmanı enerji siyasətinin prioritet sahəsi hesab edir və atmosferə karbon qazının atılmasının azaldılması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirir: “Bu tədbirlər sırasında yaşıl enerjiyə keçidi qeyd etmək olar. Yaşıl enerjiyə keçid üçün Azərbaycanın böyük potensialı var. Bu potensialdan istifadə həm daxili tələbatı ödəməyə, həm də əldə olunan yaşıl enerjini ixrac etməyə imkan verir. Hazırda işğaldan azad edilən Qarabağda yaşıl enerji istehsalı üçün genişmiqyaslı işlər görülür. Hazırda Azərbaycan nəinki yaşıl enerji istehsalı üzərində çalışır, eyni zamanda, yaşıl enerjinin Avropaya ixracı üçün Özbəkistan və Qazaxıstan kimi ölkələrlə yaxın əməkdaşlıq edir. Bu ölkələrin də geniş yaşıl enerji istehsalı potensialı var. Azərbaycan Mərkəzi Asiyadakı partnyorları ilə Xəzər dənizinin dibi ilə kabel çəkib bu region ölkələrində istehsal olunan enerjini tranzit olaraq Avropaya ixrac etməyi planlaşdırıb. COP29 çərçivəsində hər 3 dövlət bu barədə sənəd imzaladı. Bu əməkdaşlıqla Xəzər dənizi ilə Qara dəniz arasında geniş enerji dəhlizi yaradılacaq”.