SİYASƏT


Bakıda Latviya Respublikasının 106-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü münasibətilə noyabrın 25-də Bakıda rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Latviyanın Dövlət himnləri səsləndirilib. Sonra çıxış edən Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya COP29-un uğurla başa çatması münasibətilə ölkəmizi təbrik edib. Azərbaycana belə mühüm tədbirə peşəkarcasına ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.

"Latviya və Azərbaycan arasında fəal şəkildə artan əməkdaşlığı yüksək qiymətləndiririk. İl ərzində hər iki ölkəyə siyasi və işçi səviyyədə çoxlu sayda səfərlər oldu, o cümlədən Latviya Parlamentinin sədrinin, Parlament üzvlərinin və dövlət nümayəndələrinin səfərlərini qeyd etmək istərdim. Latviya və Azərbaycan əlaqələrinin daha da gücləndirilməsində iştirak edən hər bir kəsə təşəkkür edirəm", - deyə səfir vurğulayıb.

Azərbaycanın Latviya üçün mühüm iqtisadi tərəfdaş olduğunu diqqətə çatdıran Edqars Skuya, həmçinin əlavə edib: "Ticarət dövriyyəsi keçən son iki il ərzində artıb. Hər iki ölkə ixrac, idxal və bir çox sahələrdə ticari və iqtisadi əməkdaşlığın artırılmasına maraqlıdırlar. Dövlətlərarası Komissiyanın gələn il keçirilməsi planlaşdırılır. Bundan əlavə, bizim 14 bələdiyyə ilə fəal əməkdaşlığımız mövcuddur. Biz gənclər arasında Latviyada təhsilə marağın artdığını görürük".