Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub

02.12.2024 [21:49]

Xəbərin mətni

Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı - müstəqilliyin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.

Ölkəsinin yaranmasının tarixi əhəmiyyətindən danışan BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib: "BƏƏ beynəlxalq əməkdaşlığın vacibliyinə inanır və həmişə hamıya fayda verən strateji tərəfdaşlıqlar qurmağa çalışır. Bu gün biz qardaş və dost ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək, sülh, sabitlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq səyləri dəstəkləmək öhdəliyimizi təzələyirik.

BƏƏ inanır ki, regional təhlükəsizliyin gələcəyi güclü çoxtərəfli tərəfdaşlıqdan və sülhpərvər siyasi və iqtisadi vasitələrlə sabitliyə və firavanlığa nail olmaq üçün ortaq öhdəlikdən asılıdır. Birgəyaşayış BƏƏ cəmiyyətinin təməl sütunudur. Ölkə 200-dən çox milləti harmoniya içində əhatə edib. Müxtəlif mədəniyyətlər təhlükəsiz və firavan bir mühitdə birlikdə yaşayırlar".

Səfir, həmçinin Azərbaycan hökumətinə COP29 tədbirinə uğurla ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Vurğulayıb ki, bu tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, eləcə də BƏƏ-dən 22 nümayəndə heyəti iştirak edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI