Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Direktor: Biləsuvar və Neftçala Günəş Enerjisi stansiyalarının 2026-cı ildə istismara veriləcəyini gözləyirik

07.12.2024 [14:14]

Xəbərin mətni

Layihələrin idarə olunması canlı prosesdir. 2027-ci ilə qədər ümumilikdə şəbəkəyə 2 giqavat ətrafında yaşıl enerjini inteqrasiya etməyi planlaşdırırıq. Bu layihələrdən hazırda biri fəaliyyət göstərir - “Masdar” şirkəti tərəfindən inşa edilən 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası. “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə Xızı-Abşeron Külək Enerjisi Stansiyasının gələn il ərzində istismara verilməsi planlaşdırılır. 2026-cı ildə biz “Masdar”ın 2 layihəsinin - 445 meqavatlıq Biləsuvar və 315 meqavatlıq Neftçala Günəş Enerjisi Stansiyalarının istismara veriləcəyini gözləyirik. Eyni zamanda, hərracı olan 100 meqavat gücündə Qobustan Günəş Elektrik stansiyasının da 2026-cı ilin sonuna qədər artıq istismara veriləcəyinin şahidi olacağıq. Daha bir 100 meqavatlıq stansiya işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək. Onunla bağlı çox intensiv işlər gedir və planlaşdırırıq ki, ilin sonuna qədər bununla bağlı müqavilələr imzalansın və elan edək. Bu layihənin də 2026-cı ilin sonuna qədər reallaşdırılacağını hədəfləyirik.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev AZƏRTAC-a müsahibəsində deyib.