Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar

08.12.2024 [20:37]

Xəbərin mətni

Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətinin Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkəmizin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib.