SİYASƏT
Ulu Öndərin tarixi xidmətlərindən biri özünü əvəz edə biləcək siyasi varis yetişdirməsi olub
12.12.2024 [15:22]
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub. Çində yaşayan və təhsil alan soydaşlarımızın, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin reysinin heyətinin qatıldığı tədbirdə çıxış edən səfir Bünyad Hüseynov bildirib ki, həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Heydər Əliyev Azərbaycanı ağır və sərt sınaqlardan çıxararaq, işıqlı sabahın etibarlı bünövrəsini qoyub. Səfir deyib ki, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycan Ermənistanın hərbi təcavüzü, daxili çəkişmələr, vətəndaş qarşıdurması, xaos, anarxiya fonunda müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Azərbaycan xalqı yaranmış ağır şəraitdən çıxmağın yeganə nicat yolunu Heydər Əliyevdə gördü və təkidlə onu yenidən hakimiyyətin sükanını əlinə almağa çağırdı. Nəticədə, Ulu Öndər Heydər Əliyev xalqının iradəsinə uyğun olaraq Azərbaycanı, tarixi nailiyyət sayılan müstəqilliyimizi xilas etdi.