ORDU
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
12.12.2024 [15:44]
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb. O, Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini vurğulayıb.