SİYASƏT
Həştərxandakı Azərbaycan İş Mərkəzində diaspor nümayəndələri ilə görüş keçirilib
12.12.2024 [19:28]
Həştərxanda səfərdə olan Azərbaycan nümayəndə heyəti burada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan İş Mərkəzində keçirilən görüşdə “Azərbaycan” Milli Mədəniyyət Təşkilatının rəhbəri, Həştərxan vilayətinin qubernatoru yanında Etnokonfessional Şuranın sədri Vahid Rəhimov çıxış edərək, Həştərxanda Azərbaycana xüsusi rəğbət bəslənildiyini bildirib. Qeyd edib ki, burada yaşayan azərbaycanlılarla digər millətlər arasında əməkdaşlıq əlaqələri mövcuddur. Vilayət rəhbərliyi ilə də yaxşı əlaqələr var. Həmçinin birgə müxtəlif tədbirlər keçirilir, yerli azərbaycanlıların problemləri müzakirə olunur və aradan qaldırılır. Diaspor təşkilatı Azərbaycan dövlətinin qayğısını da hər zaman hiss edir.