SİYASƏT
Tahir Budaqov: Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilib
23.12.2024 [22:51]
Bu gün iftixarla qeyd edirik ki, hər birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi mirasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Liderliyin Zəfər formulu: xalqa şərəfli xidmət nümunəsi" adlı konfransda söyləyib.
O bildirib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndərin tükənməz dövlətçilik irsini müasir çağırışlara uyğun zənginləşdirərək həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilib, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan regionda lider dövlətə çevrilib, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınıb. Ən əsası, iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Zəfər zirvəsinə yüksəlib.