Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Avrasiyanın “quru körpüsü” Horqos Çin-Avropa yük daşımalarının vacib nöqtəsidir

25.01.2025 [12:12]

Xəbərin mətni

Ötən ilin noyabrında Çin-Avropa yük qatarlarının sayı 100 minə çatdı. “Çin Dövlət Dəmir Yolu Qrupu” Çin ilə Avropa arasında həm yük qatarlarının sayının, həm də daşınan yüklərin həcminin ildən-ilə çoxaldığını açıqlayıb.

Çin ilə Avropa arasında dəmir yolu ilə yükdaşımalara 2011-ci ildən başlanılıb. Bu istiqamətdə yüklər əsasən Şimal marşrutu ilə daşınsa da, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Şərqlə Qərb arasında yüklərin daşınmasında yeni alternativlər yaranıb. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Şimal xətti üzrə dəmir yolu xəttində yaranmış çətinliklər logistika, ixrac və idxal şirkətlərinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlar Qırmızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən isə gəmilərin Çindən Avropaya səyahət müddəti ən azı 12 gün çoxalıb, nəticədə daşıma və sığorta xərcləri iki dəfədən çox artıb. Bu kontekstdə də Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qabarıq formada özünü göstərir. Hazırda Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz və Türkiyə ərazisindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir. Orta Dəhlizlə hərəkət edən yük qatarları Çinin iki əsas sərhəd-keçid məntəqəsindən istifadə edir. Bunlardan biri Alaşankou, digəri isə Horqosdur.