ORDU
“Qərargah zabiti kursu”nun buraxılışı olub
04.02.2025 [19:10]
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda “Qərargah zabiti kursu”nun 1-ci buraxılışına həsr olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək kursu müvəffəqiyyətlə bitirən zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib. General-mayor G.Əbdülov Azərbaycan Ordusunda aparılan islahatlar, o cümlədən yeni hərbi idarəetmə təhsil sistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, “Qərargah zabiti kursu”nun zabitlərin xidməti vəzifələrinə hazırlanmasında mühüm rol oynayacağını bildirib.