Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub
09.02.2025 [13:50]
Musiqi yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsüdür. İnsanları bir-birinə yaxınlaşdıran, heç bir sərhəd tanımayan, duyğuları sərbəst çatdırmağı bacaran musiqi qədər insana doğma olan ikinci bir sənət təsəvvür etmək çətindir. Bu sənətin sahibləri dünyanın hər yerində fəaliyyət göstərən həmkarları ilə öz dillərində danışmağa qadirdirlər. Azərbaycan xalqı zəngin musiqi irsinə malikdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunmuş Massi şəhərinin Musiqi və Rəqs Konservatoriyasının müəllim və şagirdlərinin Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertində deyib. O, Azərbaycan musiqisi və bəstəkarlarından söz açaraq bildirib ki, belə konsertlərin vaxtaşırı təşkili bəstəkarlar, ifaçılar və dinləyicilər üçün faydalıdır.