Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarlı hava şəraiti: Bakı-Şamaxı-Yevlax yolu nəqliyyatın hərəkəti üçün açıqdır

24.02.2025 [20:16]

Xəbərin mətni

Şamaxıda bir neçə gündür fasilələrlə yağan qar səngiyib. Qar və buz səbəbindən çətinlik yaranan yollarda təmizlik işləri davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin baş mühəndisi Həsən Məmmədli AZƏRTAC-a bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan-Şamaxı hissəsi və Ağsu aşırımı agentliyin xüsusi texnikası və canlı qüvvəsi tərəfindən qardan və buzdan təmizlənib. Hazırda yollar nəqliyyatın rahat hərəkəti üçün açıqdır. Sürücülər paytaxt Bakıdan şimal-qərb rayonlarına və əks istiqamətə təhlükəsiz hərəkət edə bilərlər.