Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib
14.03.2025 [21:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirib. AZƏRTAC xəbər verir ki, Direktorlar Şurasının üzvü, Fortescue Ltd, EksonMobil Şirkətinin sabiq vitse-prezidenti, İnsan Alverinə Qarşı Qlobal Kampaniyanın rəhbəri Cin Baderşnayderin moderatorluğu ilə keçirilən “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” adlı panel iclasına əvvəlcə Birləşmiş Krallığın və Şimali İrlandiyanın Birləşmiş Krallığının sabiq Baş naziri Boris Conson video formatında qoşularaq çıxış edib. O qeyd edib ki, Qlobal Bakı Forumunda bütün dünyanı narahat edən məsələlər müzakirə olunur. “Hər birimizin öhdəliyi gələcək barədə düşünmək və töhfə verməkdir. Biz daha yaxşı Yer kürəsində yaşamaq istəyiriksə, bunun üçün lazımı işləri də görməliyik”,- deyə Boris Conson bildirib.