YAP Sədrinin müavini: Heydər Əliyev ideyaları Azərbaycanın tam suverenliyə qovuşmasının əsasını qoyub
07.05.2025 [15:58]
Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin qarşısında duran ali məqsədlərə çatmaq üçün milli qanunvericiliyimizin əsaslarını müəyyən etdi. Məqsədyönlü siyasət nəticəsində milli birliyin, sabitlik və təhlükəsizliyin təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi və digər mühüm addımlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin etdi. Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mayın 7-də keçirilən “Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbirdə deyib.