Azərbaycan Dövlət İnformasiya Agentliyi

Teymur Musayev: Tibb mütəxəssislərinin sertifikasiyası üzrə imtahan qaydaları və suallar bazası yenilənir

16.05.2025 [17:32]

Xəbərin mətni

Tibb sahəsi sürətlə inkişaf etdiyindən tibb mütəxəssislərinin biliklərinin müasir tədris vəsaitlərinə uyğun qiymətləndirilməsi vacibdir. Bu baxımdan, sertifikasiya suallar bazası hər il təxminən 20 faiz olmaqla yenilənir, müasir metodik vəsaitlərə uyğunlaşdırılır. Test bazasında 65 minə yaxın sual və 6450 klinik məsələ mövcuddur. Təbii ki, test bazasının bütünlükdə yenilənməsi obyektiv olaraq müəyyən zaman tələb edir. Səhiyyə Nazirliyi tərəfindən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda da dəyişikliklər layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bu barədə Milli Məclisdə çıxış edən səhiyyə naziri Teymur Musayev nazirlik tərəfindən parlamentin Səhiyyə Komitəsinə təqdim edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı məlumat verib.