Kənan Quluzadə: Bu ilin beş ayında Azərbaycana 980 min xarici vətəndaş gəlib
05.06.2025 [16:08]
Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Bakıda BMT Turizmin Avropa Komissiyasının iclası keçirilir. Bizim tədbirimizə 38 ölkədən 150-dən çox nümayəndə qatılıb. Bu gün hesabat günüdür, həm də seçkilər keçiriləcək. Azərbaycan üçün ən vacib olanı Avropa Komissiyasının Şurasına, İcraiyyə Komitəsinə üzvlük məsələsidir ki, ölkəmiz namizədliyini irəli sürüb. Təxminən beş yer uğrunda doqquz namizəd mübarizə aparacaq. Ümid edirik ki, bu səsvermədə Azərbaycan növbəti dörd il üçün İcraiyyə Komitəsinə üzv seçiləcək. Azərbaycan bundan öncə bir neçə dəfə bu komitəyə üzv seçilib. Hətta 2017-ci ildə biz qurumun sədrliyini də etmişik. Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, bu ilin beş ayında Azərbaycana 980 min xarici vətəndaş gəlib ki, bu, ötən illə müqayisədə təxminən 1,5 faiz çoxdur.