Naxçıvanda içməli və suvarma su təminatını yaxşılaşdıracaq 16 layihə icra olunacaq
14.07.2025 [13:48]
Ötən il Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilən mühüm layihələrdən biri Şahbuz rayonunda yerləşən "Qanlıgöl" sututarının su buraxıcı qülləsinin əsaslı təmiridir. Dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən, Naxçıvanın görkəmli tarixi şəxsiyyəti olan Kəlbalı xan Kəngərlinin himayəsi ilə 1864-cü ildə inşa edilmiş bu sututar bölgənin həm içməli, həm də suvarma suyunun təminatında önəmli paya sahibdir. Bu hövzə həm 350 hektar sahənin suvarılmasında, həm də içməli su kapitajlarının qidalanmasında mühüm rol oynayır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev deyib.