Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qayıdışın, yeni həyatın ünvanı Kəngərlidə Salmanovlar ailəsindən REPORTAJ

30.07.2025 [15:53]

Xəbərin mətni

Kəngərli kəndinə həyat yenidən qayıdıb. Artıq kəndə ayaq basanda işğal dövrünün acı mənzərələri ilə deyil, 32 ildən sonra doğma yurda qayıtmış sakinlərin sevinc dolu çöhrələri, uşaqların gülüş səsi ilə qarşılaşırıq. İllərdir susuz qalan bu torpaqlar dövlətimizin və Kəngərli sakinlərinin əməyi ilə yaşıllığa bürünür, gülüstana çevrilir. Kəngərli kəndi işğaldan azad olunandan sonra Ağdam rayonunda keçmiş məcburi köçkünlərin yerləşdirildiyi ikinci kənddir. Burada 292 fərdi ev tikilib, məktəb, uşaq bağçası, səhiyyə məntəqəsi, mədəniyyət evi və digər zəruri infrastruktur obyektləri istifadəyə verilib. Kəndə elektrik, su, qaz, rabitə xətləri çəkilib. Qısası, həyat burada yenidən qurulub, doğma torpağa nəfəs verilib.