Xüsusi nümayəndə: İlin sonunadək Xocavəndə 1552 ailənin köçürülməsi nəzərdə tutulub
18.09.2025 [17:51]
Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa-quruculuq işləri sürətlə davam edir. Bu yaxınlarda Prezidentin növbəti səfəri zamanı Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməli qoyuldu. Xocavənd rayonunda isə ilk əhali qrupunun köçürülməsinə başlanılıb. Hadrut, Qırmızı Bazar qəsəbələrinin və Sos kəndinin hər birində 10 ailənin ilk bərpa olunmuş yaşayış evlərinə köçü təmin edilib. Bu yaşayış məntəqələrindən başqa, ilin sonunadək Xocavənd rayonuna ətraf kəndlər və Xocavənd şəhəri də daxil olmaqla, ümumilikdə, 1552 ailənin köçürülməsi nəzərdə tutulub. Bu proses gələn il də davam edəcək. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda jurnalistlərə müsahibəsində deyib.