Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Nağıyev: 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları işğaldan azad olunmuş ərazilərdən götürülüb

09.10.2025 [13:01]

Xəbərin mətni

2021-ci ilin fevral ayından etibarən intensiv şəkildə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb. 2025-ci ilin oktyabrın 1-nə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürülüb. Bu kontekstdə həmin ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.