Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Maşını necə gəldi saxlayırlar...” – Avtomobillərin səkilərdə park edilməsi PROBLEMİ

28.10.2025 [13:37]

Xəbərin mətni

Bakının bir sıra küçələrində piyada səkilərində saxlanılan avtomobillərə rast gəlmək adi hala çevrilib. Piyadalar üçün nəzərdə tutulan yerlərdə maşınların saxlanılması həm təhlükəsizlik, həm də şəhər mədəniyyəti baxımından narahatlıq doğurur. Səkidə addımlamaq piyadadan bəzən səbir, bəzən də manevr qabiliyyəti tələb edir. Kiminsə tələsdiyini iddia edərək “bir dəqiqəlik” saxladığı maşın piyadaların yolunu kəsir. Səkilərdə uşaq arabası ilə hərəkət edən ana, əlindəki yükləri daşıyan yaşlı qadın, dərsə tələsən tələbə - nəticə etibarilə hər kəs eyni mənzərə ilə qarşılaşır.