Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır
04.11.2025 [14:54]
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində Azərbaycanın fəaliyyəti, xüsusilə qadın və gender bərabərliyi istiqamətində təşəbbüsləri beynəlxalq səviyyədə diqqət mərkəzində qalmaqdadır. Azərbaycan 1999-cu ildən etibarən AQEM-in fəal iştirakçısıdır və ötən ildən bu təşkilata sədrlik edir. Son dövrlər Azərbaycanın beynəlxalq təşkilatlarda, o cümlədən AQEM-də fəallığı artıb. Azərbaycan bu platformalarda yalnız üzv dövlət kimi deyil, həm də təşəbbüskar mövqeyi ilə seçilir. Ölkəmiz son illərdə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən AQEM çərçivəsində irəli sürdüyü təşəbbüslərlə fərqlənir. Bizim məqsədimiz təkcə regional əməkdaşlığı gücləndirmək deyil, həm də qadınların və gənclərin bu proseslərdə iştirakını genişləndirməkdir. Bu fikirləri AZƏRTAC-ın sualına cavabında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.