Qaranlıq gecələrdə düşmənin kabusuna çevrildik – Şuşa əməliyyatının iştirakçısı olmuş Vətən Müharibəsi Qəhrəmanı AZƏRTAC-a danışıb
08.11.2025 [16:10]
Beş il bundan əvvəl sentyabrın 27-də Vətən müharibəsi Azərbaycan Ordusunun bütün istiqamətlərdən düşmənə cavab vermək üçün əks-hücum əməliyyatları keçirməsi ilə başladı. Xüsusi Təyinatlı Qüvvələr (XTQ) də cəbhənin müxtəlif yerlərində, ən çətin, yüksək ərazilərində - Murovdağ və Ömər aşırımı istiqamətlərində döyüş əməliyyatları icra edərək oradakı hakim yüksəklikləri azad etdi. Düşməndən təmizlənən əraziləri Quru Qoşun bölmələrinə təhvil verən XTQ mənsubları cəbhənin cənub istiqamətində yolları açmaq üçün döyüş əməliyyatlarına qatıldılar. Lələtəpə yükəkliyinin bir neçə kilometrliyindən başlayan döyüş əməliyyatları Cəbrayılın, Xocavəndin Hadrut qəsəbəsinin və kəndlərinin, Füzulinin, Xocalının Çanaqçı, Sığnaq kəndlərinin və nəhayət, Şuşanın işğaldan azad olunması ilə nəticələndi. Bunu Vətən Müharibəsi Qəhrəmanı, XTQ-nin ehtiyatda olan mayoru Zaur Hüseynov deyib.