Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tomas Lamanauskas: Bakı həm iqlim, həm də rəqəmsal inkişaf məsələlərində qlobal dialoqun mərkəzindədir

18.11.2025 [20:26]

Xəbərin mətni

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC25) Azərbaycanda keçirilməsi ölkənin rəqəmsal inkişaf sahəsində əldə etdiyi uğurların və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin əyani sübutudur. Bakı bu tədbirə ev sahibliyi etməklə həm regional, həm də qlobal müzakirələrin mərkəzinə çevrilir. Ölkədə internetdən istifadə səviyyəsinin 90 faizə çatması, mobil abunəçilərin sayının 100 faizi keçməsi və genişmiqyaslı rəqəmsal dövlət layihələrinin icrası Azərbaycanın bu sahədə qətiyyətli addımlar atdığını göstərir. Xüsusilə Orta Dəhliz marşrutu və Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel Azərbaycanı regionun rəqəmsal körpüsünə çevirir. Bütün bunlar WTDC25-in Bakıda keçirilməsini həm rəmzi, həm də strateji cəhətdən mühüm hadisəyə çevirir. Bu barədə AZƏRTAC-a müsahibəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibinin müavini Tomas Lamanauskas deyib.