Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahil Babayev: Büdcə layihəsi Zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır

19.11.2025 [14:50]

Xəbərin mətni

Müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir. Bu Qələbə məhz Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edilib. Bu gün təqdim edilən büdcə layihəsi də məhz Zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.