Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazirlik rəsmisi: Azərbaycanda “IoT” texnologiyalarının tətbiqi üzərində işlər aparılır – EKSKLÜZİV

05.12.2025 [16:44]

Xəbərin mətni

Azərbaycan ərazisinin genişzolaqlı şəbəkə ilə tam əhatə olunması və bütün təsərrüfatların internetə çıxış imkanlarının təmin edilməsi yeni rəqəmsal imkanlar yaradır. Yaxın zamanda həm ev, həm də biznes təsərrüfatlarının istifadəçiləri daha yüksəksürətli internetlə təmin ediləcək. Bu da onların həm gündəlik, həm də iş fəaliyyəti üçün daha sürətli və dayanıqlı bağlantıdan istifadə etməsinə imkan verəcək. Bundan başqa, internetdən daha səmərəli və faydalı istifadə üçün “IoT” texnologiyalarının tətbiqi üzərində işlər aparılır (“IoT” - əşyaların interneti texnologiyaları – red.). Bu texnologiyalar sayəsində “ağıllı ev” həlləri, avtomatlaşdırılmış xidmətlər və yeni rəqəmsal imkanlar həm fərdi istifadəçilər, həm də biznes təsərrüfatları üçün əlçatan olacaq. Bu barədə AZƏRTAC-a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.