Politoloq İlqar Vəlizadə Prezident İlham Əliyevin inzibati islahatlarla bağlı baxışlarını şərh edib
06.01.2026 [13:06]
Azərbaycanın inzibati ərazi prinsiplərinin gələcəkdə müəyyənləşdirilməsi və bu prinsiplərin hansı şəkildə inkişaf etdirilməsi barədə cənab Prezident çox ətraflı danışdı. Burada Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə üsulunun Azərbaycanın digər regionlarına şamil olunması ilə bağlı səsləndirilən fikirlər çox maraqlıdır. Çünki bu, yeni üsuldur, prinsipial olaraq yeni yanaşmadır. Bəzi məmurlar öz səlahiyyət hədlərini aşır və bunu kobud şəkildə edirlər. Əlbəttə ki, cənab Prezident göstərdi ki, bu cür addımlar diqqətsiz qalmır. Cəmiyyət və hakimiyyət tərəfindən belə qüsurlar müəyyən olunur və yerindəcə müvafiq addımlar atılır. Bu sözləri AZƏRTAC-a müsahibəsində siyasi şərhçi İlqar Vəlizadə deyib.