DİN: İstehlakçıların aldadılması və keyfiyyətsiz məhsulların satışına görə cinayət məsuliyyəti nəzərdə tutulub
12.03.2026 [14:52]
Elektron ticarət sahəsində törədilən cinayətlərin təhlili göstərir ki, cinayətkarlar müxtəlif kiberdələduzluq üsullarından istifadə edirlər. Müəyyən edilib ki, bu üsullar arasında ən geniş yayılmış olanlar saxta elektron ticarət saytlarının, saxta investisiya platformalarının, maliyyə dələduzluğu piramidalarının yaradılması, eləcə də fişinq və digər oxşar aldatma metodlarıdır. Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edir, müxtəlif vədlər və saxta təkliflərlə onları aldadaraq pul vəsaitlərini ələ keçirirlər. Üsulların ümumi mahiyyəti, demək olar ki, dəyişməz qalsa da, onların tətbiq formaları və aldatma taktikaları daim yenilənir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.