BMT rəsmisi Azərbaycanın müasir inkişaf modelini yüksək qiymətləndirib
15.05.2026 [14:53]
Azərbaycanda inkişaf məsələlərinin geniş və ciddi şəkildə müzakirə olunması diqqətçəkən məqamlardandır. Mən Bakıya cəmi dörd ay əvvəl gəlmişəm və qısa müddətdə burada inkişaf məsələlərinə verilən önəmi müşahidə etmişəm. Bakı Dövlət Universitetinin məzunları olan əməkdaşlarla çalışıram. Onların peşəkarlığı universitetdə formalaşan insan kapitalının yüksək səviyyədə olduğunu göstərir. Bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi İqor Qarafuliç Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.