Murat Kurum: COP31 Sədrliyi olaraq COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik
05.06.2026 [16:22]
Torpaq sadəcə üzərində yaşadığımız məkan deyil. Torpaq yaddaşdır, yurddur, Vətəndir. O, gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli əmanətdir. Ətraf mühit uğrunda mübarizə, eyni zamanda, Vətən, insan sevgisidir, öz torpağına, suyuna, havasına və gələcək nəsillərinə sahib çıxmaq iradəsidir. COP31 Sədrliyi olaraq biz hər addımımızda məhz bu anlayışla hərəkət edəcəyik. Xüsusilə Bakı Maliyyə Məqsədi başda olmaqla, COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik. Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in sədri Murat Kurum Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirə videomüraciətində deyib.