Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir?
10.06.2026 [16:28]
Yığım və sərmayə qərarları vətəndaşların maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Lakin vəsaitlərin hansı investisiya alətinə yönəldilməsinin daha məqsədəuyğun olduğu sualı hər zaman aktual olaraq qalır. Xüsusilə iqtisadi şəraitin dəyişdiyi, bazarlarda qiymət dalğalanmalarının müşahidə edildiyi dövrlərdə insanlar yığımlarını həm qorumağa, həm də artırmağa imkan verən variantlar axtarırlar. Bu zaman əmanət, qızıl və daşınmaz əmlak kimi ən çox müraciət olunan investisiya alətləri diqqət mərkəzinə çıxır. Hər birinin özünəməxsus üstünlükləri və riskləri olduğundan seçim prosesində müxtəlif amillərin nəzərə alınması vacib hesab edilir. Bəs mövcud iqtisadi şəraitdə yığımları hansı istiqamətə yönəltmək daha məqsədəuyğundur? Sosial-iqtisadçı ekspert Rəşad Həsənov AZƏRTAC-a açıqlamasında bildirib ki, yığımın hansı investisiya alətində yerləşdirilməsi ilə bağlı qərarın qəbul edilməsinə təsir göstərən kifayət qədər çoxlu obyektiv və subyektiv faktorlar var. Onun sözlərinə görə, qərarın qəbul edilməsi həmin amillərin qiymətləndirilməsi nəticəsində mümkündür.