Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ

12.06.2026 [16:59]

Xəbərin mətni

Heç vaxt Belqrad haqqında düşünməmişdim. Bəlkə də, günlərin bir günü xəritəni qarşıma sərib özümə səfərlə bağlı bir ölkə seçməli olsaydım, xəyallarımın cığırı Serbiyadan keçməzdi. Amma tale elə gətirdi ki, mən məkanı yox, məkan məni seçdi, öz sehrli ağuşuna qonaq etdi. Bu, bir göz qırpımı kimi qısa, fəqət yaddaşımın ən dərin qatına həkk olunacaq unudulmaz bir görüş idi... Belqrada çatanda gecə şəhərin üzərinə öz sirli pərdəsini çoxdan çəkmişdi. Rus və ingilis kəlmələrinin ahənginə qarışıb qulağımda ecazkar bir musiqi kimi cingildəyən serb sözləri tamam fərqli, füsunkar bir aləmə qədəm qoyduğumdan xəbər verirdi. Əgər buralara yolum düşməsəydi, bu gözəlliyi öz gözlərimlə görməsəydim, Serbiya mənim üçün, bəlkə də, hər kəsin bildiyi, sıradan bir Avropa ölkəsi olaraq qalacaqdı. Lakin cəmi üçgünlük səfər müddətində ruhuma toxunan, göz yaddaşıma köçən mənzərələr bu ölkə haqqındakı təsəvvürlərimi kökündən dəyişdi, qəlbimdə tamamilə fərqli bir Serbiya kəşf etdi...