KOBİA sədri: Bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxış əldə etməkdə çətinliklə üzləşir
18.06.2026 [19:27]
Kiçik və orta müəssisələr iqtisadi inkişafın əsas sütunlarından biridir. Onlar yeni iş yerləri yaradır, innovasiyaları təşviq edir və iqtisadi artıma mühüm töhfə verirlər. Lakin bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxış əldə etməkdə, eləcə də daha geniş dəyər və təchizat zəncirlərinin bir hissəsinə çevrilməkdə çətinliklərlə üzləşirlər. AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “KOB-ların regional dəyər və təchizat zəncirlərinə qoşulması, ticarət sürtünməsinin azaldılması, sifarişlərin icrasına imkan verilməsi və KOB-ların əlaqələndirilməsi” mövzusunda sessiyada çıxışı zamanı deyib.