Yasminka Cumhur: Süni intellekt yeni iş yerləri yaradır, mövcud peşələri inkişaf etdirir
18.06.2026 [20:52]
Süni intellekt daha dəqiq proqnozlaşdırma, əməliyyatların optimallaşdırılması, resursların səmərəli bölüşdürülməsi və fərdiləşdirilmiş rəqəmsal həllər sayəsində təşkilatlara mühüm rəqabət üstünlükləri qazandıra, həyatın bütün sahələrində sosial və ekoloji baxımdan faydalı nəticələr əldə olunmasına kömək edə bilər. Şübhə yoxdur ki, süni intellektin faydaları olduqca böyükdür. Bəzi süni intellekt texnologiyaları artıq 50 ildən çoxdur mövcuddur. Lakin son illərdə hesablama gücünün artması, böyük həcmdə məlumatların əlçatan olması və yeni alqoritmlərin yaradılması bu sahədə ciddi irəliləyişlərə səbəb olub. AZƏRTAC xəbər verir ki, bu sözləri Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən plenar sessiyada Bosniya və Herseqovinanın Ombudsmanı Yasminka Cumhur deyib.