Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər
25.06.2026 [17:04]
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Azərbaycan Ordusu maddi-texniki təminatına, müasir silah və texnologiyalara, təchizatına, döyüş hazırlığına, şəxsi heyətin peşəkarlıq səviyyəsinə görə regionun ən güclü ordularından birinə çevrilib. Ali Baş Komandanın “Bizim ordumuz bizim qürurumuzdur” fikirləri öz təsdiqini tapmış danılmaz həqiqətdir. Bu, dövlətimizin hərbi gücünün göstəricisi, Azərbaycan Ordusuna olan ali inamın təntənəli ifadəsidir. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb fakültəsinin məzunlarının növbəti buraxılış mərasimində çıxışı zamanı deyib.