Komitə sədri: Valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməlidirlər
09.07.2026 [18:54]
Rəqəmsal inkişaf ölkələrin rəqabət qabiliyyətini artıran əsas amillərdən biridir. Bu inkişaf sayəsində dövlət xidmətləri daha əlçatan olur, biznes prosesləri sürətlənir, vətəndaş məmnuniyyəti artır və iqtisadi səmərəlilik yüksəlir. Təhsil sahəsində distant təhsil imkanları genişlənir, səhiyyədə elektron xidmətlər inkişaf edir, kənd təsərrüfatında ağıllı texnologiyalar tətbiq olunur, sənayedə isə avtomatlaşdırma məhsuldarlığı artırır. Bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.