Nigar Qəhrəmanova: Qarabağda orqanda “Bayatı-Şiraz”ı ifa etməyi çox istərdim
11.07.2026 [11:52]
Orqanı musiqi alətlərinin kralı adlandırırlar. Minlərlə boru, güclü səs və demək olar ki, sonsuz musiqi imkanları orqanı əzəmət və təntənə rəmzinə çevirib. Bu alətdə ifa etmək asan deyil - bunun üçün illərlə davam edən təlim, təkcə əl ilə deyil, ayaqla da virtuoz ustalığa malik olmaq və müstəsna musiqi hazırlığı lazımdır. Həyatını bu alətə həsr edənlər arasında uzun illərdir Norveçdə yaşayan və işləyən həmvətənimiz Nigar Qəhrəmanova da var. Prezident təqaüdçüsü, İnqar Dubluq Norveç Fondunun təqaüdçüsü, Norveç Musiqi Akademiyasının və Londondakı Kral Musiqi Kollecinin məzunu, beynəlxalq müsabiqələr laureatı AZƏRTAC-ın müxbirinə müsahibəsində orqan ifaçılığı sənətinin xüsusiyyətləri, “CantORganistA” yaradıcı brendi haqqında danışıb, həmçinin bir gün həyata keçirəcəyinə ümid etdiyi arzusunu dilə gətirib.